ANİİA — nın məlumatlarını başqa bir yerdə istifadəsi müəllif hüquqlarının pozulması kimi qəbul oluna bilməz. (Rəhbərliyin icazəsi var yayımlanmasına)
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biridir.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-ci ilin noyabrından fəaliyyətə başlamış və ilk günlərdən ölkədə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir.
Assosiasiya «Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası» İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı iltarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir[3].
Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir[3].
Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər.
Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər.
Məqsədi
Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında «Made in Azerbaijan» brendi kimi tanınmasına dəstək verməkdir. Həmçinin, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri də fəaliyyətləri məqsədlərlə uzlaşdırılmış şəkildə həyata keçirməkdir. ANİİA-nın məqsədləri üç əsas istiqamətə ayrılır:
● Nar istehsalçılarının gəlirlərinin artırılması;
● Nar və nar məhsullarının ixracının artırılması;
● Narçıların rifahının yüksəldilməsi.
Məqsədlərin ana xəttini Azərbaycandakı nar istehsalını və ixracını gücləndirmək, genişləndirmək, həmçinin, narçıların iş şəraitini stimullaşdırmaqla onların davamlı rifahını təmin etmək təşkil edir. Narçıların gəlirlərində artıma nail olmaq üçün yüksək keyfiyyətli məhsul yetişdirmək lazımdır. Bu səbəbi əsas götürən ANİİA ilk öncə narçıları yüksək keyfiyyətli məhsullar yetişdirmələri üçün hazırlayır. Əldə olunan məhsulu bazarlara çıxarmaq, onları hədəf müştəri kütləsinə çatdırmaq üçün ANİİA tərəfindən istehsalçılara nəzəri və praktiki olaraq hər cür yardım göstərilir.
Xidmətləri
Məqsədlərə nail olmaq üçün ANİİA aşağıdakı istiqamətlərdə öz xidmətlərini həyata keçirir:
● Yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiqi;
● Yüksək keyfiyyətli şitilliklərin qurulması, nar tinglərinin patentləşdirilərək yerli təsərrüfatların təmin edilməsi və xarici bazarlara satılması;
● Damcılı suvarma sistemlərinin geniş tətbiq edilməsi;
● Ekoloji təmiz, yüksək keyfiyyətli texnikalar vasitəsi ilə aqrotexniki qulluğun aparılması;
● Səmərəli gübrələmə tətbiqi ilə nar bağlarının orqanik gübrələmə metodlarına keçidi;
● Zərərvericilərə qarşı təkmil mübarizə üçün maarifləndirmə işlərinin aparılması;
● Nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması və qısa vaxtda tamamlanması;
● Yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirici tədbirlərin görülməsi;
● İxrac üçün lazım olan sənədlərin və digər sertifikatların (Global GAP, Orqanik, Bio) alınmasında nar istehsalçılarına köməklik göstərilməsi;
● Logistika işlərində maarifləndirici tədbirlərin aparılması;
● Soyuducu anbarlarda məhsulun keyfiyyətli saxlanılması üçün maarrifləndirici işlərin aparılması və texniki dəstəyin göstərilməsi;
● İstehsal və emal sahələrində mütəxəssislərin bacarıq və biliklərinin artırılması üçün ixtisasartırma kurslarının və iş təcrübəsi mübadilələrinin aparılması;
● Yerli və xarici bazarların daimi keyfiyyətli məhsul təchizatı üçün kooperativlərin yaradılması və “Azərbaycan Narı” brendi yaradaraq vahid brend altında məhsulların satışının həyata keçirilməsi.
Fəaliyyəti
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti çoxşaxəli olmaqla həm ölkə daxili özəl sektor nümayəndələri və dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla hərtərəfli iş birliyinə əsaslanır. Yerli və xarici tərəfdaşlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq, fikir və təcrübə mübadiləsi ANİİA-nın öz fəaliyyətini daha səmərəli və balanslı aparması üçün çox vacib amillərdən biridir. Bundan əlavə, ANİİA fəaliyyətin şəffaflığını, etibarlılığını təmin etmək üçün media və ictimaiyyətlə də müntəzəm qaydada əməkdaşlıq edir.
ANİİA-nın fəaliyyəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən yüksək qiymətləndirilmiş və 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin «İlin Ən Fəal Assosiasiyası» mükafatı ilə təltif edilmişdir[6].
Ölkədəki biznes mühitinin əsas tərkib hissələrindən olan özəl sektorla iş əsasən aşağıdakılardan ibarətdir:
1. ANİİA üzvü olan özəl sektor nümayəndələri ilə mütəmadi görüşlər təşkil edərək cari problemlərin müəyyən edilməsi; həmin problemlərin həlli üçün xüsusi işçi qruplarının yaradılması və onların öncədən müəyyən edilmiş proqram üzrə fəaliyyətlərinin təmin edilməsi;
2. Nar istehsalçılarının ümumi məqsədlərinin müəyyən edilməsi; həmin məqsədlərə nail olmaq üçün görüləcək işləri əhatə edən plan əsasında müştərək və individual fəaliyyətin təşkil edilməsi; işlərin zamanında və lazımi şəkildə aparılması üçün müvafiq vəzifə bölgüsünün aparılması; işlərin gedişatının müntəzəm olaraq qiymətləndirilməsi və bu haqda hesabatların hazırlanması;
3. Birgə fəaliyyəti səmərəli və məhsuldar təşkil etmək üçün üzvlərlə ortaq müzakirəyə açıq aşağıdakı ümumi məqsədlərin təmin edilməsi:
● İstehsal həcminin artırılması;
● Orqanik istehsala keçid;
● Satış həcmləri və dəyərinin artırılması;
● Qablaşdırma və markalama standartları;
● Bağlarla hazır məhsul istehsalçılarının birbaşa əlaqələndirilməsi, məlumat bazasının yaradılması;
● Nar emalında yaranan tullantılardan (qabıq və tum) yeni məhsulların alınması və həmin məhsulların satışının təşkili;
● Assosiasiyaya yeni üzvlərin dəvət edilməsi. Üzvlərə təkcə nar istehsalçıları deyil, həmçinin nar emalı müəssisələrinin də daxil edilməsi.
ANİİA-nın dövlət qurumları ilə işi bir qayda olaraq qarşılıqlı faydalı münasibətlərin yaradılması və inkişaf etdirilməsinə, bu yolda dövlət tərəfindən təqdim olunan bütün imkanlardan yararlanmağa və əvəzində ölkə iqtisadiyyatının, xüsusilə narçılıq təsərrüfatının inkişafına davamlı töhfələr verilməsinə hesablanıb. Dövlət qurumları ilə müştərək fəaliyyətə aiddir:
a. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il və 5 oktyabr 2016-cı il tarixli fərmanlarından irəli gələn məsələlər üzrə fəaliyyətin aparılması, bu istiqamətdə dövlətin yaratdığı aşağıdakı imkanlardan tam surətdə faydalanmaq:
·ixracın təşviqi,
· ixrac missiyaları,
· alıcı missiyaları,
· “Made in Azerbaijan” brendinin təşviqi,
· marketinq araşdırmaları,
· beynəlxalq sertifikatların alınması,
· beynəlxalq sərgilərdə iştirak,
· tədqiqat-inkişaf proqramlarında iştirak.
b. Aşağıdakı aidiyyatı qurumlarla işçi əlaqələrin yaradılması və qarşılıqlı surətdə faydalı fəaliyyətin aparılması:
● AMEA (Azərbaycan Milli Elmlər Akademiyası)
● Kənd Təsərrüfatı Nazirliyi (Dövlət Fitosanitar Xidməti, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi və s.);
● İqtisadiyyat Nazirliyi (sənaye parkları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Agentliyin yanında İctimai Şura, AzPromo);
● Qida Təhlükəsizliyi Agentliyi;
● Azərbaycan İnvestisiya Şirkəti;
● “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi;
● ABAD (Ailə Biznesinə Asan Dəstək);
● AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi);
● Heydər Əliyev Fondu.
Qloballaşan dünyada bu və ya digər qurumun tək lokal fəaliyyət və əməkdaşlığa köklənməsi onun gələcək inkişaf perspektivlərini məhdudlaşdırır, dünyada baş verən yeniliklərdən bixəbər qalmasına gətirib çıxarır. Bu cür neqativ halların qarşısını almaq üçün ANİİA öz faəliyyətini ölkə hüdudlarından kənara çıxararaq beynəlxalq əməkdaşlıq müstəvisinə daşımışdır. Beynəlxalq və xarici partnyorlarla işbirliyi zamanı müəyyən edilən əsas məqsədlər aşağıdakılardır:
· Azərbaycan narı və nar məhsullarının üstünlüklərini xarici şirkət və təşkilatlara anlatmaq, məhsulları onlara tanıtmaq;
· Xarici satış kanallarını şaxələndirmək;
· Beynəlxalq təşkilatların kənd təsərrüfatı və meyvə emalı sahələri üçün yaratdığı treninq və təhsil imkanlarından (GIZ, USAID, FAO və s.) yararlanmaq, yerli istehsalçıları bu tipli tədbirlərdə iştiraka cəlb etmək, onlara bu işdə kömək etmək;
· Beynəlxalq sertifikatorlarla birgə fəaliyyət qurmaq;
· Rusiya və Türkiyədə qablaşdırma sənayesi ilə tanışlıq və məhsulların idxalı;
· Türkiyə nar istehsalçıları və İsrail meyvə assosiasiyası ilə əlaqələr qurmaq;
· Azərbaycanın xaricdəki səfirlikləri, ticarət nümayəndəlikləri və ticarət evləri vasitəsilə yerli istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırmaq;
· Xarici dövlətlərin Azərbaycandakı səfirlikləri, ticarət attaşeləri vasitəsilə Azərbaycanın nar məhsulları haqqında həmin ölkələrin biznes qurumlarını məlumatlandırmaq.
ANİİA-nın media və ictimaiyyətlə işinin kökündə fəaliyyətin şəffaflığı, etibarlılığı barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırmaq, onlardan aldığımız geridönüşlər əsasında fəaliyyəti qiymətləndirmək, çatışmazlıqları aradan qaldırmaqdır ki, bu da öz növbəsində ANİİA-ya fəaliyyətlərini daimi nəzarət altında saxlamaq, onu təkmilləşdirmək imkanı verir. Media və ictimaiyyətlə iş prinsipi əsasən aşağıdakı kimidir:
· ANİİA-nın fəaliyyəti barədə ictimaiyyəti ənənəvi və sosial media vasitəsilə məlumatlandırmaq;
· ANİİA-nın təşkil etdiyi tədbirlərdə (iclas, konfrans, müsabiqə, təqdimatlar və s.) ənənəvi medianın iştirakını təmin etmək, onları sosial mediada işıqlandırmaq;
· Müsabiqələr və digər sosial tədbirlər keçirmək;
· Mütəmadi olaraq görülən işlər haqqında press-relizlər hazırlamaq;
· Sosial yönümlü layihələr vasitəsilə (uşaq evlərinə ziyarət, əlillərə yardım, qan verənlərə nar paylanması, mədəniyyət və təhsil sahələrinə aid layihələrin icrası) ANİİA — nın fəaliyyətini mütəmadi olaraq ictimaiyyətin diqqətində saxlamaq.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov, Avropa İttifaqının “Regional inkişafa dəstək” layihəsinin ekspertləri Dario Caccamisi və Elçin Atababayev, Göyçay DAİM-in direktoru Elçin İsmayılov, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Akif Abbasov və Göyçay rayon İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsinin müdür müavini Mahir Məlikov arasında Göyçay rayonunda narçılıq kooperativinin yaradılması mövzusunda görüş keçirilib.
Assosiasiyadan Trend-ə verilən məlumata görə, görüşdə kooperativin işləmə mexanizmi, kooperativlər daxilində əməkdaşlıq formaları müzakirə edilib, müzakirələr nəticəsində belə qənaətə gəlinib ki, ilk olaraq Göyçay rayonunun Bığır kəndində kooperativ sahəsində maarifləndirmə apararaq pilot kooperativ layihəsinə 20 kiçik fermer cəlb edilsin.
Kooperativin əsas məqsədi nar istehsalının maya dəyərinin aşağı salınması, məhsuldarlığın artırılıması və satış həcminin yüksəldilməsi vasitəsi ilə narçı fermerlərin rifahının artırılmasına şərait yaratmaqdır.[1]
Rəhbərlik
Assosiasiyaya rəhbərliyi sədr edir. 2017-ci ildən iş adamı Fərhad Qaraşov Assosiasiyanın sədridir.
Üzvləri
ANİİA-nın hal-hazırda 177 üzvü var. Bunlardan 14-ü şirkət, qalanları isə fiziki şəxsdir. Assosiasiya üzvlərinin sayının artacağını nəzərə alaraq və eyni zamanda mövcud üzvlərlə iş zamanı yarana biləcək hər hansı problemin həllini təmin etmək üçün assosiasiyanın nəzdində xüsusi Nəzarət Təftiş Komissiyası yaradılmışdır.
Assosiasiya üzvləri nardan müxtəlif növ şirələr, narşərablar, şərablar (çaxır), həmçinin nar tumundan yağ və s. məhsullar istehsal edirlər.
Tədbirləri
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı tarixdən etibarən 2017-ci il ərzində bir sıra tədbirlər həyata keçirmişdir. ANİİA assosiasiyanın üzvləri ilə birlikdə noyabr ayının 3-də Göyçay rayonunda keçirilən Nar festivalında iştirak etmişdilər. Assosiasiya üzvlərinin stendləri yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanmışdır.[2]
Bu tədbirlərdən biri noyabr ayının 6-da Azərbaycan narının geniş təbliği üçün ANİİA, Mədəniyyət və Turizm Nazirliyi, XXI ƏSR BTİM və Azpromo ilə birgə həyata keçirdiyi “Nar- Meyvələrin Şahı” rəsm və heykəltaraşlıq müsabiqəsi olmuşdur. Respublikada geniş maraq doğuran, böyük tamaşaçı toplayan və iştirakçı sayı olan müsabiqənin qalibləri, ziyalı və dövlət xadimlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatlandırılmışdır.
Son zamanlar Azərbaycana gələn çoxsaylı turistlərə Azərbaycan narı barədə geniş məlumat vermək və təbliğat aparmaq üçün dekabr ayının 4-də ANİİA, Azpromo və Bank Silk Way ilə memorandum imzalanmışdır. [3]
Türkiyənin tanınmış Hektaş dərman və gübrə idxal edən şirkəti ilə yerli Ema MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə Göyçay rayonunda dekabr ayının 14-də seminar təşkil olunmuş, dərman və gübrələmə qaydaları barədə seminar iştirakçılarına geniş məlumatlar verilmişdir.
ANİİA üçün 2018-ci il öz məhsuldarlığı ilə yadda qalmışdır. Qarşıda duran məsələlər və problemlər, onların həlli, assosiasiyanın fəaliyyət dairəsinin genişləndirilməsi baxımından ötən bir il ərzində bir çox tədbirlər keçirilmişdir. Məhz bu çalışqanlığın nəticəsində 2019-cu il üçün yeni inkişaf perspektivləri açılmış, ANİİA yerli nar istehsalı və ixracı bazarında öz mövqeyini möhkəmləndirmiş, beynəlxaq əməkdaşlıq istiqamətində yeni istiqamətlər müəyyən etmişdir.
2018-ci ilin ilk tədbiri kimi yanvar ayının 22-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Cənab prezident Azərbaycan iqtisadiyyatının inkişafı barədə geniş məlumat vermişdir. Bundan başqa narçılıq sahəsinə də toxunaraq 2017-ci ildə 1800 hektar nar bağlarının salınması və nar məhsulunun ixracı barəsində məlumat vermişdir. Konfransın ikinci hissəsində İqtisadiyyat, Kənd Təsərrüfat nazirləri həmçinin, Gömrük Komitəsinin sədri və Vergilər nazirinin müavini çıxış etmişlər. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasını tədbirdə Fərhad Qaraşov təmsil etmişdir. [4]
Yanvar ayının 25-də ANİİA assosiasiya üzvü narçıların iştirakı ilə 2017-ci ilin yekunlarına və 2018-ci il üçün qarşıda duran vəzifələr və problemlərin həllinə həsr olunmuş 3-cü ümumrespublika yığıncağını keçirmişdir. Yığıncaqda geniş fikir mübadiləsi apararaq fəaliyyətimizin daha da təkmilləşdirilməsi üçün prioritetlər müəyyən edilmişdir. Bu yığıncaqda qəbul olunmuş qərarlardan biri kimi fevralın 20-də İsrail Kənd Təsərrüfatı Nazirliyindən dəvət olunmuş mütəxəssislər beynəlxalq təşviq işinin əsasları mövzusunda təlim proqramı həyata keçirmişdir. Təlim ANİİA-nın üzvü olan “MARS-FK LTD” MMC-nin timsalında MDB ölkələrinin kənd təsərrüfatı mütəxəssislərinə yeni texnologiyaların tətbiqi, onlardan istehsalda səmərəli istifadəni ehtiva etmişdir. [5]
7-9 fevral tarixlərində Almaniyanın Berlin şəhərində Fruit Logistica sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 2 üzvü iştirak etmişdir. Avropaya Azərbaycanda becərilən nar meyvəsinin ixracı ilə bağlı niyyət görüşləri keçirilmişdir. Ölkəmizdə istehsal olunan məhsullar, meyvə və tərəvəzlər “Made in Azerbaijan” brendi altında sərgilənmişdir. Sərgidə ölkəmizin vahid stendi iştirakçılar tərəfindən çox maraqla qarşılanmışdır.[6]
ANİİA-nın bir brend kimi təşviqinin daha da sürətləndirilməsi məqsədilə növbəti tədbirimiz mart ayının 12-də təşkil edilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileylərinə həsr olunmuş tədbirdə ANİİA-nın fəaliyyətinin hər bir sahəsi barədə ətraflı məlumatı özündə cəmləşdirən rəsmi veb saytımızın (www.pomegranate.az) təqdimatı baş tutmuşdur. [7]
15 mart tarixində Türkiyə Respublikasının dəvəti əsasında Azərbaycan iş adamları ilə görüş təşkil olunmuşdur. Dəvətlilər arasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov da iştirak etmişdir. Görüşdə Türkiyə Respublikasının keçmiş baş nazir Binali Yıldırım Tükiyə və Azərbaycan iş adamları ilə danışıqlar aparmışdır.
29 mart tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər. Forumda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasını qurumun sədri Fərhad Qaraşov və assosiasiyanın üzvləri iştirak etmişlər.[8]
2018-ci ilin ən mühüm beynəlxalq kənd təsərrüfatı sərgilərindən olan 13-cü “Caspian Agro 2018” və 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində iştirak ANİİA üçün ötən ilin ən yadda qalan hadisələrindən biri olmuşdur. “Kənd Təsərrüfatının Kənd Təsərrüfatı Biznesinə Çevrilməsi (Transforming AgriCulture to AgriBusiness)” şüarı altında Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” regional sərgi-forumunda 28 ölkədən kənd təsərrüfatının müxtəlif sahələrində ixtisaslaşmış 195 şirkət iştirak etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin sərgini şəxsən ziyarət etməsi onun nə dərəcədə əhəmiyyətli bir tədbir olduğunu bir daha vurğulamışdır. Cənab prezident sərgidə olduğu müddət ərzində ANİİA stendi ilə də tanış olmuş, assosiasiyanın sədri Fərhad Qaraşov tərəfindən cənab prezidentə ANİİA haqqında ətraflı məlumat verilmiş və qarşılığında fəaliyyətimizin təkmiləşdirilməsinə dair tapşırıq və tövsiyyələr alınmışdır. Sərgi ilə bağlı sevindirici hallardan biri də təqdim olunan yüzlərlə stend arasında ANİİA stendinin “Ən Cazibədar Stend” kimi mükafatlandırılması olmuşdur. [9]
Sərgidə iştirakı zamanı cənab prezidentin tövsiyyə və tapşırıqlarını dəyərləndirərək onların icrasını təmin etmək məqsədilə ANİİA-nın rəhbərliyi sərginin ardınca dərhal iyun ayının 4-də Narçıların IV Ümumrespublika Yığıncağı keçirilmişdir. Toplantı iştirakçıları tərəfindən assosiasiyanın gələcək fəaliyyətinin təşkilində ölkə rəhbərinin tapşırıq və tövsiyyələrininin hansı rol oynaya biləcəyini, onların reallaşdırılması perspektivlərini müzakirə edilmişdir. Bundan başqa, narçılarımızın mövsüm qabağı görüləcək işləri barəsində də fikir mübadiləsi aparılmışdır. Yığıncaq çərçivəsində məhsulun becərilməsi, onun yığılması və xarici bazarlara ixrac potensialının artırılması üçün də prioritetlər müəyən edilmişdir. Narçıların IV Ümumrespublika Yığıncağında İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Göyçay Rayon İcra Hakimiyyətindən dəvət olunmuş xüsusi nümayəndələr də iştirak etmişdir.
2018-ci ilin aprelində cənab prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı naziri təyin edilmiş İnam Kərimov vəzifəsinin icrasına başladıqdan dərhal sonra köklü islahatlara başladı. Bu islahatların tərkib hissəsi kimi o, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, istehsalçı birliklər və assosiasiyalarla görüşlər keçirib onların fəaliyyəti və problemləri ilə maraqlanmağa başlamışdır. Narçılıqdakı mövcud problemləri araşdırmaq, ümumiləşdirmək, təhlil etmək və onlardan çıxış yolları tapmaqla bağlı təkliflər hazırlamaq məqsədilə cənab nazir ANİİA rəsmiləri ilə sentyabr ayının 9-da geniş tərkibdə görüş keçirmişdir. Görüşə assosiasiyanın rəhbərliyinin iştirakı ilə yanaşı üzv şirkətlər, narçılıqla məşğul olan fermer və aqronomlar da qoşulmuşdur.
İyul ayının 4-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Ufuk Turganerin ANİİA-nın sədri Fərhad Qaraşovla Şimali Kipr Türk Respublikasındakı analoji qurumu ilə əməkdaşlıq fəaliyyətinin müzakirəsi olmuşdur. Gələcəkdə narçılıq sahəsinin inkişafı, ictimai birliyin işi, strukturu və fəaliyyəti məqsədi ilə təcrübə mübadiləsi haqqında danışıqlar aparılmışdır.
İyul ayının 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella forumda iştirak ediblər. Forumda İtaliya və Azərbaycan arasında biznes əlaqələrinin inkişaf etdirilməsinə dair fikirlər irəli sürülmüşdür. ANİİA-nı forumda Fərhad Qaraşov təmsil etmişdir. [10]
Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin qida, meyvə-tərəvəz, şərab, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, spirtli içkilər və digər məhsulları nümayiş olunub.[11]
Sərgidə həmçinin Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) 4 üzvü (Mars Fk Ltd MMM, Gilan Agriculture, Azərsun, Aznar QSC) ilə birlikdə iştirak edir. Assosiasiyanı sədr Fərhad Qaraşov təmsil edib. Sərgidə Azərbaycanın Milli brendi olan «Nar» meyvəsinə çox böyük maraq yaranıb. Üzvlər nar və nardan hazırlanan məhsulları nümayiş etdiriblər. Bu da öz növbəsində nar və nardan hazırlanan məhsulların ixracının daha da artmasına səbəb olmuşdur. Sərgidə ANİİA-nın, bir sıra dövlət və özəl şirkətlərin təqdimatı da keçirilmişdir.
27 sentyabr tarixində Heydər Əliyev mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak ediblər. Forumda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasını qurumun sədri Fərhad Qaraşov və assosiasiyanın üzvləri olan “Mars Fk LTD”, “Gilan Holdinq”, “Azərsun Holdinq”, “Aznar QSC”, “AzGranata MMC”-nin rəhbərləri təmsil etmişlər. [12]
Dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq məqsədilə yaradılan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC bu məqsədlərin narçılıqda həyata keçirilməsi üçün ANİİA-nı diqqətdən kənarda saxlamamış və assosiasiya ilə memorandum imzalamışdır. Oktyabr ayının 2-də imzalanan bu tarixi sənəd sayəsində assosiasiyamız “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşəbbüskarı və aparıcı icraçısı olduğu “Kənddən Şəhərə” layihəsinin aktiv dəstəkçisinə çevrilmişdir. “Hər məhsul alıcısını tapacaq!” şüarı ilə həyata keçirilən layihəyə qoşulan ANİİA nar istehsalçıları üçün yeni satış və ixrac perspektivləri yaradılmasına nail olmuşdur. Eyni zamanda, narçıların maarifləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinə start verilmişdir. [13]
Oktyabr ayının 21-də Parisdə dünyanın ən böyük qida innovasiya sərgisi olan “Sial Paris 2018” sərgisinin açılışı olmuşdur. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunub. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov da sərgidə iştirak etmiş və Azərbaycan pavilyonuna baxış keçirmişdir. Sərgidə həmçinin Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA)-nın 4 üzvü (Mars Fk LTD MMM, Gilan Agriculture, “Az-Granata” MMC, Aznar QSC) birlikdə iştirak ediblər. Assosiasiyanı sədr Fərhad Qaraşov təmsil etmişdir.
Oktyabr ayının 29-da ANİİA-nın təşkilatçısı olduğu, özündə nar və incəsənətin unikal vəhdətini əks etdirən “Nardan Doğan Rənglər” adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Sentyabrın 15-dən oktyabrın 15-dək davam edən müsabiqənin əsas məqsədi iştirakçıların öz “Nar dünya”sını əks etdirən fotoşəkillər vasitəsilə narın insanın mənəvi dünyasına göstərdiyi təsiri nümayiş etdirmək idi. Müsabiqəyə qatılan 460-dan çox şəxs tərəfindən narla bağlı müxtəlif fərqli çalarlar və kompozisiyalar tərkibində fərqli ideyalar nümayiş etdirilmişdir. ANİİA-nın sədri Fərhad Qaraşov və AZPROMO-nun prezidenti Yusif Abdullayev mükafatlandırma zamanı etdiyi çıxışlara əsasən fotomüsabiqənin əsas məqsədlərindən biri də Azərbaycan narının dünyada təbliği olmuşdur. Fotomüsabiqənin qalibi olan şəxs ANİİA tərəfindən 2000 manat, ikinci yerin sahibi 1000 manat, 3-cü yerin sahibi isə 500 manatla mükafatlandırılmışdır.[14]
İlin sonuna yaxınlaşarkən, noyabr ayının 2-də Azərbaycan Milli Elmlər Akademiyasının və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay şəhərində “Nar Bitkisi və Məhsullarının Multidissiplinar Problemlərinə aid Respublika Elmi-Praktik Konfransı” keçirilmişdir. Konfransda ANİİA da öz nümayəndə heyəti ilə iştirak etmiş və nar meyvəsinin yetişdirilməsində ortaya çıxan problemlər və onların həlli barəsində öz təcrübəsini bölüşərək geniş müzakirələrə qoşulmuşdur. Konfransdan dərhal sonra noyabrın 3-də Göyçayda ənənəvi Nar bayramının 13-cü festivalı başlamışdır. ANİİA bayram tədbirində 3 üzvü — MARS FK LTD, AZNAR, MinaShirinin birgə təqdim edildiyi vahid stendlə iştirak etmişdir. Bayram BMT-nin Azərbaycandakı nümayəndəsi, Diplomatik korpus nümayəndələri, Səfirlər, Prezident Administrasiyasının nümayəndələri, Kənd Təsərrüfatı nazirliyinin əməkdaşları, Göyçay şəhər rəhbərliyi, qonşu rayon icra başçıları, digər mədəniyyət və elm xadimləri, Bakıdan gələn turistlər və digər qonaqların iştirakı ilə yadda qalmışdır. ANİİA-nın stendi festival iştirakçılarının böyük marağına səbəb olmuşdur.[15]
Noyabr ayının digər bir əlamətdar hadisəsi ANİİA-nın nüfuzlu “Nargis” jurnalının həmin ay üçün dərc edilən buraxılışının baş sponsorluğu olmuşdur. “Nargis” jurnalı bu əməkdaşlıq çərçivəsində ANİİA üçün xüsusi video layihə təqdim etmiş və Assosiya sədri Fərhad Qaraşovla “Azərbaycan narı və narçılığı” mövzusunda baş tutmuş geniş müsahibəni dərc etmişdir.
Noyabr ayının 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilmişdir. Ölkənin müxtəlif yerlərindən və təsərrüfat sahələrindən gəlmiş sahibkarların iştirakı ilə keçirilən tədbirdə yerli kənd təsərrüfatının, xüsusilə narçılığın inkişafında göstərdiyi xidmətlərinə görə ANİİA-nın sədri Fərhad Qaraşov Şuranın müddətli sədri seçilmişdir. KOBİA İctimai Şurasının tərkibi 11 assosiasiya, 3 ictimai birlik və 1 fond rəhbərlərindən təşkil olunmuşdur. KOBİA-nın əsas fəaliyyət istiqaməti kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə həm mövcud biznes subyektlərinin inkişafına, həm də yeni biznes subyektlərin yaranmasına, eləcə də yeni ideyaların biznesə inteqrasiya olunmasına təkan verməkdir.[16]
Assosiasiyanın fəaliyyətinə töhfə verən, onun inkişafına dəstək olan üzv şirkətləri, ictimai xadimləri və əməkdaşları mükafatlandırmaq məqsədilə ANİİA xüsusi nişanın hazırlanmasına qərar vermişdir. Bu qərarın məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin razılığı ilə “Azərbaycan Narı” döş nişanı təsis edilmiş və dekabr ayının 5-də ictimaiyyətə təqdim olunmuşdur. [17]
6 dekabr 2019-cu il tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Ticarət Evinin açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat naziri cənab Şahin Mustafayev, Polşanın Sahibkarlıq və Texnologiya naziri xanım Yadviqa Emileviç, KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov, ASK prezidenti Məmməd Musayev, AZPROMO rəhbəri Yusiv Abdullayev, Assosiasiya rəhbərləri həmçinin Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, sahibkarlar və digər vəzifəli şəxslər iştirak etmişlər. Ticarət evində müxtəlif Azərbaycan şirkətlərinin stendləri, o cümlədən ANİİA-nın 6 üzv şirkəti — Azərsun, Mars FK, Gilan, AzGranate, Aznar və Gazelli təmsil olunmuşdur.[18]
Assosiasiyanın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə ANİİA kadr islahatları həyata keçirmiş və dekabr ayının 10-da Axundov Yusif Məmmədağa oğlu ANİİA-nın icraçı direktoru vəzifəsinə təyin edilmişdir.[19]
Dekabrın ayının 19-da ANİİA Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında iştirak etmişdir. Tədbirdə baş tutan çıxışlar zamanı bildirilmişdir ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasında və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Məhz bu tədbirlərin uğurlu icrası nəticəsində Azərbaycanda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir. Qurultayın ANİİA üçün ən əlamətdar hissəsi assosiasiya sədri Fərhad Qaraşovun ASK idarə heyətinə üzv seçilməsi olmuşdur.[20]
Dekabr ayının 20-də Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) və KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfir cənab Mohamad A. Al Qubaisi ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanla BƏƏ arasında olan ticarət və mədəniyyət əlaqələri, Azərbaycanın kiçik və orta sahibkarlığının inkişafı, Azərbaycan narının ixrac potensialının artırılması, Dubay bazarına nar və nar məhsullarının ixracının imkanlarının genişləndirilməsi, BƏƏ-dən investisiyaların ölkəmizə cəlb edilməsi mövzusunda fikirlər səsləndirilmişdir.
May ayında İtaliya səfirinin dəvəti ilə Italiya Respublikasının Azərbaycandakı səfiri cənab Augusto Massari və İtaliya-Azərbaycan Ticarət Palatasının Prezidenti xanım Manuela Traldi Azərbaycan Nar İstehsalı və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovla görüşmüşdür. Görüşdə Azərbaycanla İtaliya arasında olan ticarət və mədəniyyət əlaqələri, Azərbaycanın kiçik və orta sahibkarlığının inkişafı, Azərbaycan narının ixrac potensialının artırılması barədə məsələlər müzakirə edilmişdir.
Ötən ilin sonuncu ayının son günlərində ANİİA-nın yenicə təsis və təqdim etdiyi “Azərbaycan Narı” döş nişanı ilk fəxri sahibinə təqdim edilmişdir. ANİİA-nın sədri Fərhad Qaraşovun əmri ilə Azərbaycan Respublikasında narçılığın inkişafına və assosiasiyanın fəaliyyətinə göstərdiyi qayğıya görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab Akif Əlizadə ilk dəfə bu döş nişanı ilə təltif edilmişdir.
15 yanvar 2019-cu il Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Azərbaycan Ticarət Evinin” açılışı olmuşdur. Ticarət Evinin açılışı Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliyinin İqtisadiyyat naziri cənab Sultan İbn Səid Əl Mansuri iştirak etmişdir. Tədbirdə həmçinin Azərbaycan Respublikasının BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov, KOBİA idarə heyətinin sədri Orxan Məmmədov, AZPROMO rəhbəri Yusif Abdullayev, Assosiasiya sədrləri, sahibkarlar və digər rəsmi qonaqlar iştirak etmişlər. Ticarət evində “MADE IN AZERBAIJAN” brendi altında istehsal olunmuş məhsullar yayımlanmışdır.
25 yanvar 2019 cu il tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvlərinin V Ümumrespublika yığıncağı keçirilmişdir. Yığıncaqda assosiasiyanın 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran məsələlərin, mövsüm qabağı görüləcək işlərin və ixrac potensialının artırılması üzrə müzakirələr olmuşdur. Yığıncaqda ANİİA və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
1 mart tarixindən etibarən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, XXI əsr (Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001) sponsorluğu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) təşkilatı dəstəyi ilə İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan mən bu cahanə sığmazam” adlı Nar heykəltəraşlıq müsabiqəsi həyata keçirilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektoru Azad Zeynalov, Aniia-nın sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Yusif Abdullayev, XXI Əsr BTİM icraçı direktoru Müzəffər İsmayılov, Xalq rəssamı Səlhab Məmmədov, rəssam Vüqar Əlinin iştirakı ilə təşkil olunmuş peşəkar münsiflər heyətinin birgə qərarı əsasında ən yaxşıların seçimi baş tutub. Narın füsünkarlığını və cazibəliyini ən yaxşı təqdim edən peşəkar heykəltəraşların mübarizəsində birinci yerə Vüqar Quliyev, ikinci yerə Çinarə Baxşıyeva, üçüncü yerə isə Kənan Həsənquliyev layiq görülüb. Müsabiqədə ilk üç yerin sahibinə ANİİA tərəfindən pul mükafatı və sertifikatlar təqdim olunub.
Aprel ayının əvvəllərindən etibarən Kənd Təsərrüfatı Nazirliyi və “Food Cert” şirkətinin dəstəyi ilə ANİİA qida təhlükəsizliyi və Global GAP standartları mövzusunda bölgələrdə təlimlər həyata keçirməyə başlamışdır. Tədbirlərdə, eyni zamanda narçıların fəaliyyətinin araşdırılması və qiymətləndirilməsi məqsədi ilə iştirakçılar arasında təməl sorğusu keçirilib. Assosiasiyamıza yeni üzvlər cəlb olunub. Təlim iştirakçıları sertifikatla təltif edilmişdirlər.
Məhsuldarlığı
ilə yadda qalan 2019-cu il ANİİA-nın fəaliyyətinin genişlənməsi, nüfuzunun
artması, yerli narçılıq təsərrüfatında aparıcı qüvvələrdən birinə çevrilməsi
baxımından uğurlu bir il olmuşdur. Assosiasiya daha çox nar istehsalçılarının
diqqətini cəlb etməyə başlamışdır. Bunun nəticəsində üzvlərin sayında ciddi
artım müşahidə olunmuş və 2018-ci ilə 34 üzvü olan ANİİA 2019-cu ildə üzv
sayını 177-ə çatdırmağa nail olmuşdur.
«Azərbaycan Narı» döş nişanı
2018-ci ilin dekabr ayında Assosiasiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin razılığı ilə «Azərbaycan Narı» döş nişanı təsis edilmişdir[7]. Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif etməkdir[7].
Tarixi
«Azərbaycan Narı» döş nişanı narçılığın inkişafında töhfəsi olan şəxsləri mükafatlandırmaq məqsədilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin 01/2018 saylı, 3 sentyabr 2018-ci il tarixli əmri ilə təsis edilmişdir. Döş nişanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 31 yanvar 2019-cu il tarixində ekspertizaya qəbul edilmişdir.[7].
Məqsəd və vəzifələri
Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan narçılığına töhfə verən və diqqət göstərən, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif edərək narçılığın iqtisadi, mədəni və sosial əhəmiyyətinin aktuallığını saxlamaqdır.[7].
«Azərbaycan Narı» döş nişanının təsis edilməsi ANİİA-nın nizamnaməsinə tam uyğunluq təşkil edir və aşağıdakı vəzifələrin həyata keçirilməsinə xidmət edir:
- iqtisadi və sosial inkişaf sahəsində dövlət və qeyri-dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək və təşviq etmək;
- narçılıq təsərrüfatlarında istehsal səmərəliliyinin artırılmasına kömək etmək;
- narçılıqla bağlı maarifləndirmə və təşviq işini aparan şəxsləri mükafatlandırmaq;
- «Azərbaycan Narı» döş nişanına dair Qaydalara əsasən, narçılığın inkişafında xidməti olan dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri bu döş nişanı ilə təltif edilə bilər.
İstehsalı
Döş nişanının istehsalı ilə bağlı ANİİA 02/09-2018 saylı, 5 sentyabr 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə müraciət etmişdir. İdarənin razılığı ilə «Azərbaycan narı» döş nişanı «Azərsuvenir» MMC tərəfindən 2018-ci ilin noyabr ayında istehsal edilmişdir.[7].
Təsviri
«Azərbaycan narı» döş nişanı sənaye nümunəsi paltara bərkidilmək üçün lövhə, birləşdirici element, səthinə bədii-dekorativ komponentlər vurulmuş asma element ilə xarakterizə olunur. Döş nişanının dəlikli lövhəsi asma element və birləşdirici halqa ilə bərkidilmişdir. Lövhənin əks tərəfində bərkidici element mövcuddur.
Döş nişanın mərkəzində tərtib edilmiş çərçivəli dairəvi elementin yerləşdiyi ayrılan şüalar şəklində çoxşüalı ulduz mövcuddur. Döş nişanın lövhəsi üfqi uzadılmış düzbucaqlı şəkildə yerinə yetirilmişdir. Lövhənin aşağı tərəfi bitki ornamenti ilə bəzədilmişdir. İki budağın bir-birinə simmetrik qaşlarla bəzədilmiş ensiz lövhə ilə birləşdirilmiş şəkildə yerinə yetirilmişdir. Lövhənin ortası qırmızı rəngli mina ilə örtülmüşdür. Lövhənin hər iki tərəfində ardıcıl yerləşdirilmiş stilizə edilmiş ləçəklər yaşıl rəngli mina ilə örtülmüşdür.
Çox şüalı ulduz sarı rəngli metaldan hazırlanmışdır. Ulduzun kənarları iti bucaqlı tilli elementlər formasında işlənmişdir. Dairəvi şəkildə olan mərkəzi elementin stilizə edilmiş nar formasında qızılı rəngli metalla çənbər şəklində çərçivəyə salınmışdır. Döş nişanının qırmızı fonlu mərkəzində üç yarpaq şəklində qırmızı, mavi və yaşıl rəngli təsvir elementi və stilizə edilmiş «ANİİA» yazısı mövcuddur. Asma elementin əks tərəfində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sözləri yazılmışdır. Hər bir döş nişanı “001” sayından başlayaraq «Azərsuvenir» MMC tərəfindən individual nömrələnmişdir.
Nişanın diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycan bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının loqosu həkk olunmuş latun materiallı, qızıllama olan nişandır[7].
Laureatlar
- 27.12.2018 — AMEA-nın prezidenti, akademik Akif Əlizadə[8][9].
- 03.05.2019 — Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov[10]
[1] https://az.trend.az/business/3075207.html
[2] https://azertag.az/xeber/Goychayda_XIII_Nar_festivali_kechirilir-1211122
[3] http://www.azpromo.az/news/view/azpromo-signed-an-understanding-memorandum-
[4] https://azertag.az/xeber/Regionlarin_2014_2018_ci_illerde_sosial_iqtisadi_inkisafi_Dovlet_Proqraminin_icrasinin_dorduncu_ilinin_yekunlarina_hesr_olunan_konfrans_kechirilib__Azerbaycan_Prezidenti_Ilham_Aliyev_konfransda_istirak_edib_YENILANIB_4_VIDEO-1132142
[5] http://marja.az/news/19682
[6] http://berlin.mfa.gov.az/news/4/3364
[7] https://azertag.az/xeber/Azerbaycan_Nar_Istehsalchilari_ve_Ixracatchilari_Assosiasiyasi_yeni_saytinin_teqdimatini_kechirib-1144375
[8] https://azertag.az/xeber/Bakida_Azerbaycan_Iran_biznes_forumu_kechirilib_YENILANIB_4_VIDEO-1147953
[9] https://pomegranate.az/en/events/post/12
[10] https://azertag.az/xeber/Bakida_Azerbaycan_Italiya_biznes_forumu_kechirilib_Azerbaycan_ve_Italiya_prezidentleri_biznes_forumda_istirak_edibler-1180910
[11] https://azertag.az/xeber/Azerbaycan_WorldFood_Moscow_Beynelxalq_erzaq_sergisinde_temsil_olunur-1195339
[12] https://president.az/articles/30129
[13] http://interfax.az/view/745271/az
[14] https://azertag.az/xeber/__Azerbaycan_Nar_Istehsalchilari_ve_Ixracatchilari_Assosiasiyasinin_tesebbusu_ile__quotNardan_dogan_rengler_quot_adli_fotosergi_kechirilib-1209706
[15] https://azertag.az/xeber/Goychayda_Nar_bitkisi_ve_mehsullarinin_multidissiplinar_problemleri_movzusunda_respublika_elmi_praktik_konfransi_kechirilib_VIDEO-1211005
[16] https://www.economy.gov.az/article/kobi-a-yaninda-i-ctimai-shura-yaradilib/29702
[17] https://baku.ws/politics/55607-azrbaycan-nar-do-nian-tsis-edilib-foto.html
[18] https://az.trend.az/azerbaijan/society/2990438.html
[19] http://moneta.az/assosiasiyadakadrdeyisikliyioldu54/
[20] https://azertag.az/xeber/Bakida_Azerbaycan_Sahibkarlar_Konfederasiyasinin_V_qurultayi_kechirilir-1225792